İftar 28/03/25

Xankəndi şəhərində Ramazan sevinci!

Xankəndidə Müqəddəs Ramazan Günlərində İftar Çadırları Quruldu

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən 25-27 mart tarixlərində Xankəndi şəhərində iftar çadırları quruldu. Burada bölgə sakinləri və ziyarətçilər üçün müxtəlif təamlar təqdim edildi.

Üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edildi.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı oldu. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərildi.

Qeyd edilir ki, 22-23 mart tarixlərində iftar çadırları Fond tərəfindən həmçinin Şuşa şəhərində qurulmuşdu.

Builki "İftar Çadırları" layihəsi Xankəndi şəhərində "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı", "Unibank", "Kolin İnşaat" və "Coca-Cola" şirkətlərinin sponsorluğu ilə keçirilmişdir. Layihənin təşkilati dəstəyi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən təmin edilmişdir.

Xatırladaq ki, "Nargis" Fondu tərəfindən "İftar Çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.