Məhəmməd Allahverdiyev

05/19/17 12:36 PM
Fuad Allahverdiyev yerli saytlardan birində oğluna yardım edilməsi ilə bağlı müraciət etmişdi. Belə ki, 6 yaşlı Məhəmməd epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun Türkiyədə müayinəsi və əməliyyatı üçün isə böyük məbləğdə vəsait tələb olunur. Ailə bu vəsaitin yalnız bir hissəsini toplaya bilib. “Nargis” Fondunun nümayəndəsi Nərmin Əliyeva onlarla görüşərək, uşağa yardım ediləcəyini bildirib. Türkiyənin bir neçə klinikasına göndərilən sorğulardan sonra əməliyyatın qiyməti aşağı salınıb. Yaxın zamanda Məhəmməd ailəsi ilə birlikdə İstanbula yola düşəcək. Çatışmayan məbləğ və uşağın müalicəsi ilə bağlı bütün xərclər “Nargis Fund” tərəfindən ödəniləcək.

22.05.2017

Epilepsiya xəstəsi olan Məhəmməd Allahverdiyev ailəsi ilə birlikdə İstanbula yola düşüblər. O, yerli klinikalardan birində MRT (Maqnetik Rezonans Tomoqrafiyası) və KT (Kompüter tomoqrafiyası) müayinəsi olunacaq. Əməliyyatın tarixi sabah təyin ediləcək. Məhəmmədin səhhəti ilə bağlı məlumat yenilənəcək.

11.06.2017

İyunun 11-də “Nargis” fondunun nümayəndələri epilepsiya xəstəliyindən əziyyət çəkən Məhəmməd Allahverdiyev ilə birgə Moskvaya yola düşüblər. Hazırda uşaq Burdenko adına Neyrocərrahiyyə İnstitutunda həkim konsultasiyasındadır. Bu gün Rusiyanın tanınmış epileptoloqu Dmirtiy Yevgenyeviç Zaytsevlə Skype vasitəsilə əlaqə qurulacaq. O, bir neçə gün sonra Məhəmmədin müalicəsinə başlamaq üçün Moskvaya gələcək. “Nargis Fund” səfərin və müalicənin həyata keçirilməsinə yardımçı olan xeyirxah şəxslərə, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!

15.06.2017

Bu gün epilepsiya xəstəliyindən əziyyət çəkən Məhəmməd Allahverdiyev Moskvada Burdenko adına Neyrocərrahiyyə İnstitutunda neyrocərrah və epileptoloqun qəbulunda olub. Rusiyalı həkimlər İstanbulun “Kolan” klinikasında aparılan müayinələrin nəticələri ilə tanış olublar, aparılan müalicəni məqsədəuyğun hesab ediblər, xəstənin üzərində şunt açılma əməliyyatının aparılmasının onun sağlamlığı üçün təhlükə törədəcəyini və buna ehtiyac olmadığını bildiriblər. Müalicənin daha effektli olması üçün Məhəmmədə əlavə dərmanlar təyin olunub. O, genetik analiz verəcək, dietoloq konsultasiyasından sonra isə xəstəyə ketogen pəhriz proqramı tərtib ediləcək. İyunun 17-də Məhəmməd ona yekun müalicənin təyin olunması üçün Sankt-Peterburqdan Moskvaya gələcək epileptoloq Dmirtiy Yevgenyeviç Zaytsevlə görüşəcək.

16.06.2017

Moskvanın Burdenko adına Neyrocərrahiyyə İnstitutundan verilən göstəriş əsasında epilepsiya xəstəliyindən əziyyət çəkən Məhəmməd Allahverdiyev "Genomed" klinikasında genetik analiz verəcək. Analizin nəticəsi 90 iş günü ərzində məlum olacaq. Nəticədən asılı olaraq Məhəmmədlə telefon vasitəsilə konsultasiya aparılacaq. “Nargis Fund” Rusiyaya səfərin və müalicənin həyata keçirilməsinə yardımçı olan xeyirxah şəxslərə, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!

17.06.2017

İyunun 16-də Məhəmməd Allahverdiyev ona yekun müalicənin təyin olunması üçün epileptoloq Dmirtiy Yevgenyeviç Zaytsevin köməkçisinin qəbulunda oldu. Müayinə zamanı uşağın beyninin elektrik aktivliyi elektroentsefaloqrafiya vasitəsilə ölçüldü. Növbəti gün D.Y. Zaytsev Sankt-Peterburqdan Moskvanın "Alfa" klinikasına gələrək Məhəmməd və ailəsi ilə görüşdü, indiyədək edilən müalicələrlə tanış oldu, lakin onların heç biri ilə razılaşmadı. Bunun üçün xəstəyə yeni müalicə kursu təyin edildi. Həmin müalicə müddətində uşağın səhhətində irəliləyişin olacağı və epileptik tutmaların minimuma enəcəyi gözlənilir. Zaytsev usağı həkim nəzarətində saxlamaq üçün hər iki aydan bir Bakıya gələcək. “Nargis” fondunun təşəbbüsü ilə Bakı klinikalarından birində epilepsiya xəstəliyindən əziyyət çəkən uşaqların müayinəsi üçün həkim Zaytsevlə görüş təyin ediləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 19, 2017