“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçiriləcək

Dekabrın 1 saat 18:00-da Fəvvarələr meydanında "Nargis" fondunun təşkil etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının açılışı baş tutacaq. Böyüklərin də, balacaların da həvəslə gözlədiyi yarmarka hər kəsin özünü nağıl qəhrəmanı hiss edəcəyi Yeni il ab-havasına şəhərimizi bürüyəcək. "Soyuq əllər, isti ürək" yarmarkası nəyinki şəhərimizin sakinlərinin, həmçinin dünyanın müxtəlif qüşələrindən gələn qonaqların da böyük marağına səbəb olmuşdur. Ənənəyə sadiq qalaraq artıq beşinci il keçirilən yarmarkadan toplanılan vəsaitlər xeyriyyə məqsədlərinə istifadə olunacaq. "Nargis" fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Yarmarkanın daimi qonaqları olan internat evinin uşaqlarını ulduzlarla görüşlər, sevilən müğənnilərin çıxışları, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar, hədiyyələr və digər sürprizlər gözləyir."Soyuq əllər, isti ürək" yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə keçiriləcək. Burada Siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilərsiniz, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, milli təamlarımızı və şirniyyatlarımızı dada bilərsiniz.Bu il keçiriləcək yarmarka keçən ilki yarmarkadan daha da böyük, daha çox sürprizli və daha da yaddaqalan olacaq. Xeyriyyə yarmarkası 15 yanvar 2018-ci il tarixinə qədər davam edəcək.InstagramFacebook
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *