“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası

11/1/17 8:37 AM
Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

Dekabrın 1-dən 2018-ci ilin yanvarın 15-ə qədər Fəvvarələr meydanında "Nargis" fondunun təşkilatçılığı ilə "Soyuq əllər,isti ürək" xeyriyyə yarmarkası keçiriləcək. Bu, balacaların və böyüklərin, şəhərimizin sakinlərinin və fərqli qüşələrdən gələn qonaqlarının səbirsizliklə gözlədiyi bir bayramdır. Çünki yarmarka Yeni il ab-havası yaratmaqla yanaşı, hər kəsə pozitiv və sevinc bəxş edir və Bakımızı bir Yeni il nağılına bürüyür. 

Xeyriyyə yarmarkası artıq beşinci il keçirilir. Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə "Nargis" fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Yarmarkanın fəxri qonaqları olan uşaq evlərinin sakinlərini ulduzlarla görüşlər, sevimli artistlərin ifaları, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

"Soyuq əllər, isti ürək" yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə keçiriləcək. Gündəlik şou-proqramlar, müxtəlif sürprizlər, uşaqlar və böyüklər üçün əyləncələr şəhərdə əsl Yeni il ab-havası yaratmaqla şəhəri qış nağılına bürüyəcək və hər kəs özünü bir anlıq da olsa nağıl qəhrəmanı tək hiss edəcək. Burada Siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilərsiniz, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, milli təamlarımızı və şirniyyatlarımızı dada bilərsiniz. Bu il yarmarka qonaqları üçün daha çox sürprizlər hazırlayıb.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulmuşdur. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir.

"Soyuq əllər, isti ürək" yarmarkası haqqında detallı məlumat, həmçinin yarmarkanın gedişatı haqqında gündəlik xəbərlər nargisfund.com saytından və sosial şəbəkələrdə rəsmi hesablarımızdan əldə oluna bilər:

Instagram: Soyuqelleristiurek

Facebook

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

November 1, 2017