Yurdumuza bahar gəlir!
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakının sakinləri və qonaqları üçün qapılarını açdı.
2019-cu ildə Novruz bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən ilk “Torpaq əlimdə, bahar ürəyimdə” adlı xeyriyyə yarmarkası böyük uğurla təşkil olundu və paytaxtın mərkəzinə əsl bayram sevinci gətirdi. 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası səbəbilə yarmarkanın keçirilməsi təxirə salınmasına baxmayaraq qeydiyyata alınmış körpələr müalicə və əməliyyata Fond tərəfindən göndərildi.
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın nəticələri və ətraflı maliyyə hesabatı yarmarka bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, Azərişıq, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları, Mediline Group Assistance, PAŞA Holding təhlükəsizlik xidmətidir. “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası sponsorların əvəzolunmaz dəstəyi ilə həyata keçirilir: “PAŞA Holding”, “Azercell”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Coca-Cola”, “BOSCH”, “XırtaXırt”, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Berg”, “Vyana Şokolad Evi”, “MuğanBank”, “ASCO”, “Biscolata”, “Aura”, “Bizim Tarla”, “Azərçay”, “HappyRoll”.
İki illik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar ürəyimdə” indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə yarmarkasıdır. Belə ki, yarmarka ərazisində 63 böyük ev, 21 balaca ev, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb. Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, küçə yeməkləri, içkilər, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqlımızın sevimli bayramı – Novruz bayramının həyəcanı və sevincini sevdikləri ilə birlikdə paylaşa bilərlər.
Yarmarka aprelin 10-dək hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Qeyd edilir ki, karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. Fond tərəfindən təşkil olunan müxtəlif xeyriyyə layihələri sayəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub.