Xəbərlər 12/03/24

«Nargis» xeyriyyə fondunun və NARGİS jurnalın fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Martın 11-də Nizami Kino Mərkəzində "Nargis" fondun və NARGIS jurnalının fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi baş tutub. Tədbirdə fondun və jurnalın tərəfdaşları, xeyriyyəçilər, nazirlik və idarələrin, yerli və xarici şirkətlərin nümayəndələri, mədəniyyət, elm və incəsənət xadimləri, ictimai xadimlər, jurnalistlər, blogerlər iştirak ediblər.

11 ildən artıqdır ki, NARGIS jurnalı Azərbaycan bazarında lider mövqe tutur. Jurnalın ilk nömrəsi 2012-ci il dekabrın 13-də işıq üzü görüb. Bu müddət ərzində müxtəlif tədbirlər işıqlandırılıb, həm yerli, həm də xarici incəsənət və mədəniyyət xadimləri, məşhur dizaynerlər və memarlar, aktyorlar, musiqiçilər və ifaçılarla müsahibələr keçirilib.

Maarifləndirici fəaliyyətlə yanaşı, mədəni irs və müasir tendensiyalar haqqında məlumat verən jurnal ekoloji və sosial təşəbbüslərin həyata keçirilməsində də fəal iştirak edir. Çoxsaylı tədbirlər və layihələr nəşriyyatın həm indiki, həm də keçmiş əməkdaşlarının hekayələrində və xatirələrində əks olunub.Film VarYox komandası tərəfindən çəkilib.

"Nargis" Fondu 2012-ci ildə NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildə xeyriyyəçilik fəaliyyətinə başlayıb. Fondun əsas məqsədi sosial cəhətdən həssas insanlara, ilk növbədə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etməkdir. Fond paytaxtın mərkəzində təşkil olunan “Soyuq Əllər, İsti Ürək”, “Torpaq əlimdə, bahar ürəyimdə”, “YayLand Fest” kimi irimiqyaslı xeyriyyə yarmarkalarının təşkilatçısıdır. Yarmarkalardan alınan bütün vəsaitlər uşaqların müalicəsi və əməliyyatlarına sərf olunur.

Gecənin qonaqlarını fondun icraçı direktoru Nərmin İbrahimbəyli və jurnalın icraçı direktoru Müjgan Qafarzadə salamlayıblar.

“Bu gün sizinlə izləyəcəyimiz filmi həm NARGIS ailəsinin pərdəarxası, həm NARGIS fondu və jurnalının ictimaiyyət qarşısında hesabatı adlandırmaq olar. Amma fikrimcə, bu filmi bir ilham mənbəyi əsəri adlandırmaq daha doğru olar”, – Nərmin İbrahimbəyli deyib.

“Əlbəttə, gördüyümüz bütün işləri və xatirələri bir filmdə əks etdirmək sadəcə olaraq mümkün deyil”, – Müjgan Qafarzadə deyib, – “amma biz ən önəmli anları sizinlə bölüşməyə çalışdıq. Bu layihələrin hər birində, ümumiyyətlə, Nargis jurnalında yaşadığımız hər gündə qəlbimizin bir hissəsi əks olunub”.