12 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb-internat evində təmir-bərpa işləri keçirilir

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 12 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb-internat evində "Nargis" fondu tərəfindən təmir-bərpa işləri keçirilir. Təmir işləri 2017-ci ilin mart ayında başlanmışdır. Bundan öncə fond mütəmadi olaraq məktəbə dəstək göstərirdi. Bununla əlaqədar internat evinin müdiriyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə keçirilmiş işlər haqqında məlumat vermişdir. Nazirlik tərəfindən "Nargis" fonduna təşəkkür məktubu göndərildi.

Qeyd edək ki, 1969-cu ildən bəri fəaliyyət göstərən bu məktəbdə beyin iflici qalığı olan uşaqlar təhsil alır. Binanın əsaslı təmiri 2010-cu ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmişdir. Məktəbdə 6 yaşdan 14 yaşa kimi ölkənin müxtəlif regionlarından ümumilikdə 141 şagird təhsil alır. Onlar mütəmadi olaraq həkimlərin, psixoloqun və loqopedin müşahidəsi altındadır.