19-20 iyul tarixlərində “PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən “GəncLink” Forumu gənclərin bilik və bacarıqlarının inkişafı üçün mühüm rol oynadı. Bu möhtəşəm tədbir onların gələcək həyatlarında daha yenilikçi, təcrübəli addım atmalarına kömək edəcək müsbət nəticələr verdi.
Forumun gənc iştirakçıları fərqli qruplara bölünərək mühəndislik, robototexnika və kodlaşdırmaya dair müxtəlif modullar üzrə praktiki məşğələlər vasitəsilə elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini, ilkin mühəndislik bacarıqlarını mənimsədilər. Həmçinin, onlar müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirərək müxtəlif proqramlaşdırma dillərinin tətbiqini öyrəniblər.
Xatırladaq ki, layihəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib.
İştirakçıların Forum müddətində transferi “BakuBus” MMC tərəfindən təşkil olundu.