“PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə “GəncLink” Forumu keçirilir.

Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır!

“PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə 19-20 iyul tarixlərində Bakıda “GəncLink” Forumu keçirilir.

Forumun məqsədi innovasiyalara və müasir texnologiyalara marağı olan uşaqları bir araya gətirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, eyni zamanda uşaqlarda komanda işi, yaradıcılıq, tənqidi düşüncə kimi mühüm bacarıqları inkişaf etdirməkdir.

Layihəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib. Forum iştirakçılarının Forum müddətində transferi “BakuBus” MMC tərəfindən təşkil ediləcək.

Iki gün davam edəcək Forum çərçivəsində gənc iştirakçılar STEAM və texnologiya sahəsini əhatə edən intensiv vorkşoplara qatılacaq. Forum iştirakçıları fərqli qruplara bölünərək mühəndislik, robototexnika və kodlaşdırma üzrə müxtəlif modullar üzrə praktiki məşğələlər vasitəsilə elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənəcək, ilkin mühəndislik bacarıqlarını mənimsəyəcək, müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirəcək, müxtəlif proqramlaşdırma dillərinin tətbiqini öyrənəcəklər.