17 aprel "Libraff" kitab mağazasında Maqsud İbrahimbəyovun "Qoy o bizimlə qalsın" adlı toplusunun təqdimatı baş tutdu. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rus, azərbaycan və ingilis dillərində nəşr etdiyi kolleksiyaya yazarın iki məşhur romanı- "Qoy o bizimlə qalsın" və "Bütün yaxşılıqlara görə ölüm!"- daxil oldu. Təqdimatın qonaqlarını Maqsud İbrahimbəyovun həyat yoldaşı və yaradıcılıq Mərkəzinin direktoru-Anna İbrahimbəyova qarşıladı. Daha sonra, gənc pianoçu Vüsal Aydəmirov və tar ifaçısı İbrahim Babayev, Maqsud İbrahimbəyova həsr olunmuş "Portret" kompozisiyasını ifa etdi. Oxbridge Akademiyasının şagirdləri "Qoy bizimlə qalsın" romanı əsasında teatr etüdünü nümayiş etdirərək tədbirə xüsusi rəng qatdılar. Tədbirin sonuna doğru məşhur müğənni və bəstəkar Murad Arif Maksud İbrahimbəyovun azərbaycan dilinə tərcümə olunmuş "Əlvida,miledi" adlı hekayəsini oxudu. Təqdimatın xüsusi qonaqları isə 2 saylı uşaq evinin sakinləri oldular. Burada onlara kitab dünyası ilə daha yaxından tanış olmaq və sevimli sənətkarları ilə ünsiyyət qurmaq imkanı yaradıldı. Tədbirin qonaqlarına xatirə olaraq yazıçının həyat yoldaşı Anna xanım tərəfindən imzalanmış "Qoy o bizimlə qalsın" toplusu, eləcə də Libraff rəhbərliyi tərəfindən xüsusi uşaq ədəbiyyatı hədiyyə edildi. Hər zaman olduğu kimi, "BakuBus" MMC xüsusi qonaqlarımızın rahat və təhlükəsiz transferini təşkil etdi. Kitabların satışından əldə ediləcək bütün gəlir “Nargis” fondunun siyahısındakı körpələrin müalicəsi üçün sərf olunacaq.