Əsmər Əlizadənin 13 yaşı var və artıq 13 ildir ki o, talassemiya ilə mübarizə aparır. Anası Əsməri və qardaşını tək böyüdür. Əsmərin yaşaması üçün daim bahalı dərmanlar qəbul etməsi və ildə bir neçə dəfə müayinələrdən keçməsi tələb olunur.
Fərman Qocayevin isə 6 yaşı var. Fərmanın ailəsi Qazaxda yaşayır, anası evdar qadın, atası ikinci qrup əlildir. Bir müddət öncə Fərmana sümük xərçəngi diaqnozu qoyuldu. Bir neçə kimyaterapiya kursu keçdikdən sonra həkimlər tərəfindən Fərmanın ayağının amputasiya olunacağı deyilmişdir. Lakin Türkiyədə həyata keçirilən yeni bir terapiya növünü alacağı təqdirdə buna ehtiyac qalmayacaq!
Hər iki ailə üçün övladlarının sağalması üçün tələb olunan yüksək məbləğin qarşılanması mümkün deyil. Məhz bu səbəbdən iyunun 19-u Əsmər və Fərman üçün xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkadan əldə olunan bütün gəlir hər iki uşağın müalicə xərclərinin qarşılanmasına yönələcək.
Xeyriyyə yarmarkamıza gəlməklə, siz nəyinki şənbə gününüzü maraqlı keçirəcəksiniz, həm də iki uşağın xilas edilməsinə töhfə verəcəksiniz.
Dostlar, hər birinizi bu şənbə günü, Landmark otelinin Rotunda zalında gözləyirik! Səhər 9:00-dan 16:00-dək qapılarımız hər kəsə açıqdır. Övladlarınızı, dostlarınızı, valideynlərinizi, həmkarlarınızı götürün və bizə qoşulun. Yarmarkanı hər kəs üçün maraqlı, şən, əyləncəli və dadlı təşkil etməyə çalışdıq.
Əsmər və Fərmanı birlikdə xilas edək!
06.20.2021
19 iyun tarixində Əsmər və Fərman üçün keçirdiyimiz xeyriyyə yarmarkasının maliyyə hesabatını sizə təqdim edirik.
Yarmarkadan toplanan ümumi məbləğ 3419 AZN təşkil etdi, eyni zamanda yarmarkaya qatıla bilməyən, lakin dəstək vermək istəyən şəxslər tərəfindən 535 AZN köçürüldü.
Əsmər üçün tələb olunan 3 000 AZN TAM toplandı!
Xərçəngdən əziyyət çəkən Fərman üçün daha böyük məbləğ - 54 000 ABŞ dolları tələb olunurdu. Qeyd edək ki, Fondumuzun təsisçisi Ülviyyə Mahmudova tərəfindən Fərman üçün 10 000 AZN köçürüldü. Eyni zamanda Səbinə Rəhimova tərəfindən Fərmanın müalicəsi üçün 27 000 ABŞ dolları köçürüldü. Körpənin ailəsi tərəfindən 15 000 AZN toplandı.
Hazırda Fərman üçün tələb olunan qalıq məbləğ 19 946 AZN təşkil edir.
Yarmarkamıza qatılan və dəstək verən hər kəsə dərin minnətdarlığımızı bildiririk! Ümid edirik ki, bu məbləğin qalıq hissəsi tezliklə tam toplanacaq. Növbəti paylaşımda yarmarka haqqında daha ətraflı məlumat paylaşılacaq.