Yarmarkalar 13/03/26

«Torpaq Əlimdə, Bahar Ürəyimdə» 2026 yarmarkasının açılışı baş tutdu

Yurdumuza bahar gəlir!


“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə 13 mart - 13 aprel 2026-cı il tarixlərində Bakı şəhərinin mərkəzində, Fəvvarələr meydanında ənənəvi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası keçiriləcək. Layihənin icrası “ÜNNA Studio and Events” MMC tərəfindən həyata keçirilir. Yazın gəlişini müjdələyən və Bakının mərkəzində əsl Novruz ab-havası yaradan bu yarmarka artıq illərdir ki, şəhərimizin ən sevilən sosial və mədəni tədbirlərindən birinə çevrilmişdir.
Bu il yarmarka “Bee Happy” konsepti ilə təqdim olunacaq. Rəngarəng dekorlar, bahar motivləri və xüsusi hazırlanmış tematik elementlər Fəvvarələr meydanını əsl bayram məkanına çevirərək şəhər sakinləri və qonaqlarına xoş əhval-ruhiyyə bəxş edəcək.


“Nargis” Fondunun təşkil etdiyi bütün xeyriyyə təşəbbüslərində olduğu kimi, bu yarmarka da mühüm sosial missiya daşıyır. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldiləcək. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında ictimaiyyətlə paylaşılacaq.


Bu il yarmarka ərazisində qonaqların istifadəsinə 20 ədəd kiçik və 49 ədəd böyük dekorativ ev, 3 restoran, həmçinin müxtəlif konstruksiyalar, tematik guşələr, fotozona, oyun zonası verilmişdir. Burada ziyarətçilər milli və beynəlxalq mətbəxin ləziz təamlarından dadmaq, müxtəlif şirniyyat və içkilərdən zövq almaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif əyləncə və oyunlarda iştirak etmək imkanı qazanacaqlar.


Hər il olduğu kimi, internat məktəbləri, uşaq evləri və müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaq və tədbirin yaratdığı bayram atmosferini birlikdə bölüşəcəklər.
Yarmarkanın keçirilməsində tərəfdaşların və sponsorların dəstəyi xüsusi əhəmiyyət daşıyır. “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Baku Steel Company”, “TESS”, “Jardin”, “Badamlı”, “Hacı Turqay ət və ət məhsulları”, “Eat Me”, “Sweetelnik”, “Corndogs”, “Magnolia”, “Taste of Friendship”, “Japanese Mandu”, “Panda Noodle”, “Yummy Ponçik”, “Lokmazza” və “Dolutos” şirkətlərinin dəstəyi ilə keçirilir.
Yarmarkanın təşkilində Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti, “Azərişıq” ASC, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Strafor Kəsim”, Epoint və PAŞA Holding Təhlükəsizlik Xidməti təşkilati dəstək göstərir.


Yarmarka 13 mart - 13 aprel tarixlərində hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək və giriş tamamilə ödənişsizdir.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, sizi baharın ən rəngarəng və xeyirxah tədbirlərindən biri olan “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasında görməkdən məmnun olarıq.
Gəlin baharın gəlişini birlikdə qarşılayaq!