“Soyuq Əllər, İsti Ürək” 2021-2022 xeyriyyə yarmarkasının açılışı baş tutdu!

Fəvvarələr meydanı yenidən Yeni il nağılına büründü!
Dekabrın 1-də “Nargis” Fondunun təşkil etdiyi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Bakının sakinləri və qonaqları üçün öz qapılarını açdı. Ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması səbəbilə açılışda musiqi, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı olmadı.
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.


Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, Azərişıq, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları, Mediline Group Assistance, Paşa Holdinq təhlükəsizlik xidmətidir. Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holdinq”, “Azercell”, “Coca-Cola”, “Boutique One”, “XırtaXırt”, “AzPromo”, “Made in Azerbaijan”, “ASCO”, “Muğanbank”, “Kalinka”, “Shokki Mokki”, “Azərçay”, “Super Sun” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.


Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq Əllər, İsti Ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq Əllər, İsti Ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır.
2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Qeyd edək ki, karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.


71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək. Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik! Havalar soyuq olsa da, qəlblərimiz daim isti olsun!
Fondun fəaliyyətı barədə ətraflı məlumat və “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri rəsmi sosial şəbəkə resurslarından əldə etmək mümkündür.