Xəbərlər 10/01/22

Nargis Fund: 6 illik fəaliyyətin yekunları

Məlum olduğu kimi, dünyanın hər yerində pandemiya xeyriyyəçilik sektoruna güclü təsir göstərib. 2020-ci ilin dekabr ayında Avropa Fandreyzinq Birliyi " The Impact of Covid — 19 on Nonprofits in Europe " adlı hesabatını dərc etdi. Hesabatda koronavirus pandemiyasının qeyri-kommersiya təşkilatlarının, ilk növbədə xeyriyyə təşkilatlarının fəaliyyətinə, büdcəsinə mənfi təsirinə dair nümunəli, ətraflı məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, fondlar ianələr, habelə fondlar tərəfindən xeyriyyə məqsədi ilə təşkil edilən müxtəlif qeyri-kommersiya layihələri vasitəsilə maliyyələşə bilər. Lakin məlum olduğu kimi, xüsusi karantin rejimi səbəbilə 2020-ci ildə xeyriyyə tədbirləri də daxil olmaqla bütün kütləvi tədbirlər təxirə salındı. Ləğv edilən tədbirlərdən biri də "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası oldu. Sevinc hissi ilə bildiririk ki, uzun fasilədən sonra Fəvvarələr meydanında 1 dekabr 2021-ci il tarixində xeyriyyə yarmarkası yenidən paytaxt sakinlərinə və qonaqlarına qapılarını açacaq!


"Soyuq Əllər, İsti Ürək" Yeni il yarmarkası yalnız Azərbaycanda deyil, həmçinin bütün regionda ən böyük xeyriyyə layihələrindən biridir. 2013-cü ildən etibarən layihə hər il “Nargis” Fondu tərəfindən uğurla həyata keçirilir. Paytaxt sakinləri yarmarkanı "Bakının qış nağılı", xarici jurnalistlər isə MDB məkanında ən uğurlu, geniş və möhtəşəm Yeni il yarmarkalarından biri adlandırırlar. Ancaq yarmarkanı həqiqətən də xüsusi edən parlaq işıqları və ya Avropa standartlarına uyğun təşkil olunması, hətta Yeni il ab-havası belə deyil. Xeyriyyə yarmarkasını özəl və möcüzəli edən uşaqlardır. Hər il Azərbaycanın müxtəlif bölgələrindən müraciət edən və müxtəlif xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq Əllər, İsti Ürək” yarmarkasında toplanan vəsaitlərlə sağlamlığına qovuşurlar! Bu, əsl möcüzə deyilmi?


Novruz bayramı münasibətilə 2019-cu ilin mart ayında Fond tərəfindən ilk bahar xeyriyyə yarmarkası təşkil edildi. Bu yarmarkadan da toplanan bütün vəsaitlər uşaqların əməliyyatlarına xərcləndi.


“Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2016-cı ildə Fond Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdi. Fondun əsas məqsədi aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan inssanlara, ilk növbədə isə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etməkdir. Fəaliyyət göstərdiyi illər ərzində Fond respublikanın hər yerindən anadangəlmə eşitmə qüsuru, ürək çatışmazlığı, talassemiya, dəri köçürülməsi, leykoz, xərçəng, böyrək çatışmazlığı, göz xəstəlikləri, hipospadiya, vərəm, sarkoma, skolyoz və bir çox digər xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşağa kömək etmişdir. Fond dəfələrlə yeni doğulmuş körpələrə, həmçinin müxtəlif aparatlara və bahalı dərmanlara ehtiyacı olan uşaqlara yardım göstərmişdir.


Məlum olduğu kimi, ölkədə elan edilmiş karantin rejimi səbəbilə Fondun həm qış, həm də yaz yarmarkaları ləğv edildi. Bütün çətinliklərə və maneələrə baxmayaraq, xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə “Nargis” Fondu ən çətin sınaqla - övladının sağlamlığı ilə sınanan ailələrə kömək etməyə davam etdi. Yalnız 2020-2021-ci illər ərzində Fond 50-dən çox uşağı müalicə və əməliyyata göndərdi.


Eyni zamanda Fond müxtəlif mərkəzlərə, uşaq evlərinə və internat məktəblərinə də kömək edir, müxtəlif xeyriyyə və sosial layihələr təşkil edir, yardım kampaniyaları və aksiyalar keçirir. Belə ki, Azərbaycanda xüsusi karantin rejimi dövründə Fond ehtiyacı olanlara ərzaq paylanmasında fəal iştirak edirdi. Təkcə 2020-ci ilin yaz ayları müddətində ölkə daxilində 400 ailəyə ərzaq, dərmanlar, şəxsi gigiyena məhsulları tədarük edildi. Bu kimi aksiyalar günümüzədək keçirilir.


44 günlük Vətən Müharibəsi dövründə Fond əsgərlərə və ailələrinə, erməni təcavüzünün qurbanı olmuş və ağır itkilərə məruz qalan Bərdə və Tərtər sakinlərinə humanitar yardım göstərdi. Qazi və şəhid ailələrinə dəstək məqsədilə 2021-ci ilin Qurban bayramı ərəfəsində “Aviasales” şirkəti ilə birgə Fond tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi.


COVİD səbəbilə verilmiş uzun fasilədən sonra Fondun keçirdiyi ilk kiçik həcmli xeyriyyə yarmarkası talassemiya və sümük xərçəngindən əziyyət çəkən iki uşağa dəstək məqsədilə “Landmark” otelində təşkil edildi. Yarmarka sənətçilər, blogerlər, şirkətlər, səfirliklər və xeyirxah insanlar tərəfindən dəstəkləndi.


Göründüyü kimi, Fond paytaxtın ən böyük qış yarmarkası ilə yanaşı, bir çox sosial əhəmiyyətli layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Fond sümük vərəmi, eşitmə qüsuru, ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən üç uşağa dəstək məqsədilə müxtəlif vaxtlarda xeyriyyə kampaniyaları başlatmışdır. 2016-cı ildə “Nargis” Fondu tərəfindən 4 saylı Uşaq Vərəm Sanatoriyasını təmir edildi. Hər il Fond tərəfindən uşaq evləri və internat məktəblərindən olan uşaqlar üçün çoxsaylı əyləncə və maarifləndirici tədbirlər təşkil edilir. Bu layihələrdən biri də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi ilə birgə həyata keçirilib. Layihənin məqsədi uşaqları mütaliəyə cəlb etmək, xüsusən də Azərbaycanlı müəlliflərlə tanış etməkdir. Uşaq evlərindən və internat məktəblərindən olan uşaqlar "Soyuq Əllər, İsti Ürək" sərgisinin fəxri qonaqlarıdır. Hər il Fondun təşkilatçılığı ilə Bakı şəhəri və ətrafında yerləşən bütün internat məktəblərinin uşaqları yarmarkaya dəvət edilir, onlar üçün xüsusi proqram təşkil edilir. Sağlamlıq məhdudiyyətləri səbəbindən bunu edə bilməyənlər üçün isə ayrıca Yeni il tədbirləri təşkil edilir.


Fondun uşaqlar üçün təşkil etdiyi növbəti önəmli layihə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar və birbaşa missiyaların rəhbərləri ilə birgə keçirilir. Layihə çərçivəsində xarici ölkələrin səfirləri və onların həyat yoldaşları Novruz və Ramazan kimi bayramları uşaq evlərinin uşaqları ilə birlikdə keçirirlər.


2019-cu ildə “Nargis” Fondu və Türkiyənin Azərbaycandakı səfirliyi “Qız Qalasından Kız Kulesinədək” layihəsinə start verdi. Layihə çərçivəsində Fond və səfirliyin təşkilatçılığı, Türkiyənin və Azərbaycanın şirkətlərinin dəstəyi ilə Fəvvarələr meydanında bir neçə gün davam edən və hər kəs üçün açıq iftar süfrələri açıldı. Pandemiya səbəbilə 2020 və 2021-ci illərdə planlaşdırılmış bu tədbirin keçirilməsi təxirə salınsa da, Fond rəhbərliyi aztəminatlı ailələrə kömək məqsədi ilə dəstək kampaniyası təşkil etdi, eyni zamanda da bu müqəddəs Bayramı şiddətə məruz qalan qadınlar və uşaqlarla birgə keçirtdi.


Diplomatik missiyalarla birgə keçirilən növbəti iri həcmli layihə Macarıstan səfirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Belə ki, 2018 və 2019-cu illərdə Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Fond və səfirlik tərəfindən iki böyük xeyriyyə konserti keçirildi. Konsertlər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi, eləcə də Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə dəstək məqsədilə keçirilib. Eyni zamanda layihə çərçivəsində Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının (“HOMS”) iştirakı və dəstəyi ilə xeyriyyə yarmarkaları keçirilib.


Fond tərəfindən təşkil olunan digər böyük xeyriyyə konserti Türkiyənin rok ulduzu Haluk Leventin konserti oldu. Bilet satışından əldə edilən bütün gəlir xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə müalicə alan 22 yaşlı iki uşaq anası Sura Nadirovanın müalicəsinə yönəldi.
Səfirliklərlə yanaşı, Fond çoxlu sayda banklarla, yerli və beynəlxalq təşkilatlar, Azercell, Coca-Cola, Azərbaycan Hava Yolları, Türk Hava Yolları, Samsung, Aviasales, Unilever, Azərçay, Boutique One, Cinema Plus, Procter & Gamble, Bravo və digər tanınmış şirkətlərlə fəal əməkdaşlığı davam etdirir.


Şirkətlərlə gərçəkləşdirilən layihələr sırasında “Samsung” şirkətinin “Nargis” Fondu ilə birgə həyata keçirdiyi “Technological Embrace” layihəsi xüsusi vurğulanmalıdır. Layihənin məqsədi Azərbaycanın müxtəlif şəhər və bölgələrindən olan uşaqları müasir rəqəmsal texnologiyalara daha yaxın etmək, təhsil prosesini interaktiv şəkildə təşkil etməkdir. Layihənin birinci hissəsində xüsusi "Cinemobile" səyyar kinoteatr turu təşkil edildi. Tur çərçivəsində Qazax, Gəncə, Zaqatala, Quba, Səbirabad və Ağdamda uşaqlar üçün kino seansları təşkil edildi. Layihənin ikinci hissəsi çərçivəsində isə Lənkəran Dövlət Universiteti, Biləsuvar şəhər 1 saylı orta məktəb, eləcə də Quba rayonunun Alekseyevka kənd məktəbində sinif otaqları interaktiv lövhələr, virtual reallıq kabinləri, xüsusi lövhələr, planşetlər, geniş ekranlı televizorlarla təchiz edildi. Azərbaycan respublikasının Təhsil naziri Ceyhun Bayramov Alekseyevka kənd məktəbində keçiriləm açılış mərasimində iştirak etdi.


“Nargis” Fondu son 6 il ərzində həyata keçirdiyi fəaliyyətin detallı nəticələrini özündə ehtiva edən hesabatı təqdim edir. 2015-ci ildən günümüzədək Fond tərəfindən xeyriyyə məqsədilə 6.913.915 AZN xərcləmişdir. Bu pullar ilk növbədə uşaqların müalicə və əməliyyatlarına, dərmanlarına, aviabiletlərə, yardım və sosial kampaniyalara xərcləndi. Təqdim olunan maliyyə hesabatında daha ətraflı məlumat tapmaq mümkündür. Azyaşlıların şəxsi məlumatlarının təhlükəsizliyi naminə uşaqların adları dəyişdirilmişdir. Bütün qəbz və fakturalar nargisfund.com saytında, həmçinin Fondun sosial şəbəkələrdəki səhifələrində təqdim olunur. Bu kimi hesabatlar ildə iki dəfə olmaqla hər altı aydan bir Fond tərəfindən təqdim ediləcək.


“Nargis” Fondu yardım edən xeyriyyəçilik fəaliyyətinin gərçəkləşməsində yardımçı olan hər bir təşkilata, hər bir xeyriyyəçiyə, şirkətə və tərəfdaşa ürəkdən təşəkkürünü bildirir! Qoy hər bir evdə firavanlıq hökm sürsün və hər bir uşaq sağlam olsun.