Əziz dostlar! Bildiyiniz kimi, fondumuza dəstək üçün müraciət edən uşaqların böyük qisminin təcili əməliyyata ehtiyacı var. Lakin məlum olduğu kimi mart ayından etibarən elan olunmuş karantin rejimi ilə əlaqədar 15 mart-15 aprel tarixlərində baş tutmalı olan Novruz yarmarkamız təxirə salınan irimiqyaslı tədbirlər siyahısına daxil oldu.
Xeyriyyə yarmarkamız təxirə salınsa da, iştirakçılarımız və xeyriyyəçilərimizin dəstəyi sayəsində karantin dövründə də zəruri xəstələrimizin Türkiyəyə göndərilməsini istisna etmədik. Ağır eşitmə qüsurundan əziyyət çəkən 4 yaşlı Nuray Əliyeva “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində qulağından əməliyyat olundu. Əməliyyat uğurla icra olundu və bir ay sonra “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazının taxılması prosesi həyata keçirildi. Qeyd etmək istərdik ki, Nurayın koklear implant əməliyyatı üçün “Gloria Jeans Coffee’s” şəbəkələri vasitəsilə 1103 AZN, eləcə də Macarıstanın Azərbaycandakı Səfirliyinin “Baku Book Center”də keçirdiyi təqdimatının dəstəyilə 368 AZN fondumuza yönləndirilmişdi.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Nuray və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!