Məlum olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 7 yaşlı Anastasia Akelovadır. Anastasianın müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ - 83 000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 100.000 AZN Anastasianın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının, mesenatların və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Anastasiaya sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Anastasianı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!