«Gizli Santa»

Əziz dostlar! Yeni il ərəfəsində Sizə Qadın və Uşaq Sığınacağında yaşayan uşaqların “gizli Santa”sı olmaq imkanınızın olduğunu bildirmişdik. “Santa” olmaq istəyənlərin çoxluğu bizi çox sevindirdi və qürurlandırdı!
Beləliklə, dekabrın 30-da kiçik qəhrəmanlarımızla “Soyuq əllər, isti ürək” yarmarkasında əyləncəli vaxt keçirdik. Daha sonra “Hard Rock Café Baku”-da uşaqlar üçün bayram naharı və Yeni il şənliyi təşkil edildi. Daim uşaqları (eləcə də böyükləri ) təəccübləndirə bilən Mr.White tərəfindən təşkil edilən əyləncə proqramından sonra uşaqlar bayramın ən həyəcanlı hissəsinə keçdilər – hədiyyələrin açılmasına!
İlk öncə “Hard Rock Café Baku”-ya xeyriyyə təşəbbüsünə, təşkilatçılığa və gözəl əməkdaşlığa görə dərin minnətdarlığımızı bildiririk! Bayram öncəsi uşaqları sevindirməyə tələsən və onların ən səmimi arzularını gərçəkləşdirən onlarla şəxsə, şənliyin təşkilində dəstək olan Mr.White Oleqə, “XırtaXırt”, “BakuBus” MMC və Vüqar müəllimə təşəkkür edirik!
Gəlin o anları birlikdə izləyək.