Bərdə və Tərtərdəki zərərçəkmiş ailələrə yardım

Əziz dostlar, böyük həyəcan keçirdiyimiz bu günlərdən sonra bütün xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik etmək istəyirik!
Bildiyiniz kimi, müharibə zamanı münaqişə zonasından kənarda yerləşən çoxsaylı yaşayış məntəqələri sakinləri erməni təcavüzünün qurbanına çevrilmiş və ağır itkilər vermişdilər.
Ötən həftə ərzində “Nargis” fondu tərəfindən Bərdə və Tərtər sakinlərinə iki könüllü qrup vasitəsilə yardım göndərildi.
Fondumuzun təsisçisi-Ülviyyə Mahmudova- tərəfindən zərərçəkmiş ailələrə yardım məqsədilə 20.000 Avro pul vəsaiti köçürülmüşdür. Bərdənin müxtəlif məktəblərinə müvəqqəti olaraq yerləşdirilmiş ailələr 100 qızdırıcı plitə,100 qızdırıcı soba, 100 ədəd qatlanan çarpayı,isti corablar və qida məhsulları(150 ədəd diş pastası,300 ədəd diş fırçası, şəxsi gigiyena vasitələri və hər biri 100 ədəd olmaqla makaron,şəkər tozu, qənd,duz,qatılaşdırılmış süd, şokolad,peçenya,düyü,mərci,eləcə də 200 ədəd konservləşdirilmiş ət) ilə təmin edildi. Bundan əlavə,13 ailəyə 600 AZN-lik maddi yardım göstərildi.
Fondumuzun vasitəçiliyi ilə xeyriyyəçi R.Səbinə xanım tərəfindən Tərtərdəki zərərçəkmiş ailələrə 35 qatlanan çarpayı və 2.000 AZN vəsaitində maddi yardım göstərildi.
“LAYF” xeyriyyə təşkilatı göstərilən yardımın qeyd olunan şəhərlərə çatdırılmasını həyata keçirdi.
“Nargis” fondu əməyi keçən hər bir könüllüyə və xeyriyyəçilərimizə dərin minnətdarlığını bildirir!
Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!