Yarmarkalar 01/11/17

“Soyuq Əllər, İsti Ürək” – 5 İl

Dekabrın 1 "Nargis" fondu və "A+A Events" şirkəti tərəfindən Fəvvarələr meydanında təşkil olunan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının açılışı baş tutub. Bu il yarmarkanın baş sponsorları olaraq Pasha Sığorta, Vurgun Residence, Qashalti Health Hotel, Azercell, AzərTürkBank, Coca-Cola, Muğan Bank və BF Travel çıxış edib. Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "Soyuq əllər, isti ürək" yarmarkası nəyinki şəhərimizin sakinlərinin, həmçinin dünyanın fərqli qüşələrindən gələn qonaqların da böyük marağına səbəb olur. Yarmarkanın sponsorları ilə birgə "Nargis" fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Yarmarkanın fəxri qonaqları olan uşaq evlərinin sakinlərini ulduzlarla görüşlər, sevimli artistlərin ifaları, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir. "Soyuq əllər, isti ürək" yarmarkası Fəvvarələr meydanında quraşdırılmış 46 taxta evdə təşkil olunub. Burada Siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilərsiniz, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, milli təamlarımızı və şirniyyatlarımızı dada bilərsiniz. Bu il keçiriləcək yarmarka keçən ilki yarmarkadan daha da böyük, daha çox sürprizli və daha da yaddaqalan olacaq. Yarmarkanın ərazisində böyük səhnə, Yeni il yolkası, həmçinin Yeni ilin əsas rəmzlərindən biri olan Şaxta Babanın evi quraşdırılıb. Həftəsonları Sizləri yarmarkada tanınmış ifaçıların çıxışları və uşaqlar üçün fərqli əyləncələr gözləyir. Açılış mərasiminin aparıcıları Tural Əsədov və Hüsniyyə Məhərrəmova oldular. "Nargis" fondunun əməkdaşları yarmarkanın qonaqlarını səhnədən salamladılar, və fondun icraçı direktoru Nigar Nəzərova və müavini Nərmin Əliyeva yarmarka haqqında ətraflı məlumat verdilər. Bundan sonra xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov və digər artistlər sevilən ifalarıyla səhnəni aldılar.

Xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. "Soyuq əllər, isti ürək" yarmarkası haqqında detallı məlumat, həmçinin yarmarkanın gedişatı haqqında gündəlik xəbərlər nargisfund.com saytından və sosial şəbəkələrdə rəsmi hesablarımızdan əldə oluna bilər:

Xeyriyyə yarmarkası 15 yanvar 2018-ci il tarixinə qədər davam edəcək.