Yarmarkalar 01/12/22

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışı baş tutdu.

Dekabrın 1-də Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək” 2022-2023 xeyriyyə yarmarkasının təntənəli açılış mərasimi baş tutdu.

Açılış mərasimində xodulistlər, jonqlyorlar, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər uşaqdan tutmuş böyüyədək hər kəsi soyuq qış günündə sevindirdi. Xeyriyyə yarmarkası 15 yanvar 2023-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.

Yarmarka əhali arasında “Bakının qış nağılı” kimi də tanınır. Bunun səbəbi sadəcə yarmarkanın unikal Yeni il konsepti deyil, həmçinin keçirilmə məqsədidir. Belə ki, “Soyuq Əllər, İsti Ürək” ölkənin hər yerindən “Nargis” Fonduna müraciət edən onlarla ailəyə yenidən ümid bəxş edir. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır. Bu ildən etibarən yarmarka ərazisində hər bir böyük evin üzərində quraşdırılmış xüsusi QR kodu skan edərək ötən illərdə keçirilmiş yarmarkaların dəstəyi ilə əməliyyat olunmuş uşaqların hekayələri ilə ətraflı tanış olmaq mümkündür.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq təhlükəsizlik xidməti, “Bakı Strafor Kəsim” MMC, “CinemaPlus” və “Brand Media” MMC-dir. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsorlar “Paşa Holdinq”, “Azercell”, “Coca-Cola”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Visa”, “AzerGold” QSC, “ASCO”, “Azərçay”, “Coffee'NJoy”, “Shokki Mokki”, “Crystalex”, “Ozmo”, “Biscolata”, “XırtaXırt”, “Vyana Şokolad Evi”, "EatMe Kumpir" şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Builki xeyriyyə yarmarkası keçən illərdən müxtəlif yeniliklərlə fərqlənir. 2022-ci ildə “Nargis” Fondu və Jurnalı 10 illik yubileylərini qeyd edirlər. Bununla əlaqədar olaraq yarmarka qonaqlarını çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir. Yarmarka 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarətdir. Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, standartlardan kənar şəkillər çəkdirə və sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərlər. Bu il yarmarka ərazisində ilk dəfə olaraq “qorxu otağı” və 4D kinoteatr fəaliyyət göstərir. Qonaqlar yarmarkanın müxtəlif yerlərində “nadinc elflərə” də rast gələ bilərlər. Bu konsept 2005-ci ildə Amerikalı yazıçı Carol Aebersold və qızı Chanda Bell tərəfindən yazılmış və qısa müddətdə dünyada böyük şöhrət qazanmış “Rəfdəki Elf: bir Milad ənənəsi” kitabından ilhamlanmışdır.

Xatırladaq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr “Soyuq Əllər, İsti Ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olurlar.

Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik! Yeni il hər bir evə möcüzə gətirəcək. Havalar soyuq olsa da, qəlblərimiz daim isti olsun!