Yarmarkalar 14/01/17

“Soyuq Əllər, İsti Ürək” yarmarkasının bağlanış mərasimi keçirildi

14 yanvar tarixində Fəvvarələr meydanında "Nargis" fondunun və "A+A Events" şirkətinin təşkilati dəstəyi ilə "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təntənəli bağlanış mərasimi keçirildi.

Tədbirin aparıcısı, tanınmış şoumen, əməkdar artist Murad Dadaşov qonaqları salamladı və bağlanış mərasimini açıq elan etdi. Qış müddətində bir çoxlarına sevinc bəxş edən və əyləncə məkanı olan yarmarkanın reallaşmasına kömək olan bütün sponsorlarının adları qeyd edildi: Paşa Sığorta, Vurğun Residence, Gashalti Health Hotel, Azercell, AzərTürkBank, Coca-Cola Azerbaijan, Muğanbank və BF Travel; rəsmi tərəfdaşlar: Pasha Security şirkəti, Bakı Abadlıq Xidməti, Azərişıq və "Hello Baby".

Daha sonra xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Ədalət Şükürov, ifaçılar Xəyyam Nisanov, Sabir Əhmədov, Aliya Əliyeva, Nərmin İsrafilova, Dihaj, həmçinin Dj Pit və "Nero dance studio" səhnəni aldılar. Əyləncəvi şou-proqram tamaşaçılara bayram ab-havası yaratdı.

Qeyd edək ki, ənənəvi olaraq yarmarka Fəvvarələr meydanında, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yaxınlığında keçirildi. Miqyasına və hədiyyələrin bolluğuna görə 2017-ci ilin yarmarkası xüsusilə yaddanqalan oldu. Yarmarka ərazisində böyük səhnə və Yeni il yolkası, həmçinin Yeni ilin əsas rəmzlərinin olan Şaxta Babanın evi quraşdırılmışdır. Burada Bakının sakinləri və qonaqlarına Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar və şirniyyatlar təklif olunurdu. Həmçinin yarmarkanın ərazisində kafelər fəaliyyət göstərirdi. Yarmarka çərçivəsində bir sıra sevilən ifaçıların çıxışları, uşaq evlərinin və digər xüsusi müəssisələrin sakinlərinin ziyarəti təşkil olunmuşdu.

Ənənəyə sadiq qalaraq, xeyriyyə yarmarkasından əldə olunmuş bütün vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və əməliyyatlarının keçirilməsinə istifadə olunacaq.

"Soyuq əllər, isti ürək" yarmarkası haqqında detallı məlumat, həmçinin yarmarkanın gedişatı haqqında gündəlik xəbərlər nargisfund.com saytından və sosial şəbəkələrdə rəsmi hesablarımızdan əldə oluna bilər.