Yarmarkalar 01/05/23

“YayLand Fest” xeyriyyə yarmarkasının açılışı baş tutdu!

“Nargis” Fondu daha bir yeniliyə imza atdı! May ayının biri “YayLand Fest” xeyriyyə yarmarkası qapılarını Bakı sakinləri və qonaqları üçün açdı.

“Nargis” Fondu 2013-cü ildən etibarən Bakıda təşkil olunan ən böyük qış yarmarkası olan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının təşkilatçısıdır. 10 il ərzində yarmarka sayəsində toplanan vəsaitlərin hesabına Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub. 2023-cü ildə “Nargis” Fondu tarixində bir ilkə imza atdı və Fəvvarələr meydanında nağıllar aləminə bənzər “YayLand Fest” yarmarkasını təşkil edərək Bakının mərkəzinə yay əhval-ruhiyyəsi gətirdi. Ən önəmlisi isə, “YayLand Fest” sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarka başa çatdıqda maliyyə hesabatı və ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq.

1 may – 15 iyun 2023-cü il tarixlərində Fəvvarələr meydanında keçirilən “YayLand Fest” 62 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik guşələrdən ibarətdir. Yarmarka qonaqları münasib qiymətə Qərbin və Şərqin ləzzətli təamlarını, eksklüziv suvenirlər, sərinləşdirici içki və dessertlər əldə edə, həmçinin ənənəvi yarmarka əyləncələri ilə yanaşı bədii instalyasiya, fotozona, 4D kinoteatr, qorxu otağı, yeni oyunlar və labirint otağını kəşf edə bilərlər.

“YayLand Fest”-də balacadan böyüyə hər bir qonaq nağıllar aləminə qərq olur. Belə ki, yarmarkanın müxtəlif yerlərində və yarmarkanın ümumi konseptində məşhur ingilis yazıçısı Luis Kerolun “Alisa möcüzələr aləmində” əsərinin elementlərinə rast gəlmək mümkündür.

Yarmarkanın unudulmaz açılış günündə qonaqları nağıl qəhrəmanları, animatorlar, rəqqaslar qarşıladı. Günün xüsusi qonağı Azərbaycan Respublikasının xalq artisti Natiq Şirinov oldu. Rəhbəri olduğu "Natiq" ritm qrupu və Ümid Şirinovla birlikdə ifa etdiyi əsərlər yerli və xarici qonaqları heyran etdi.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq təhlükəsizlik xidməti, “Bakı Strafor Kəsim” MMC şirkətidir. “YayLand Fest” xeyriyyə yarmarkası sponsorlar “Paşa Holdinq”, “Coca-Cola”, "m10", "Azercell", "Xırta-Xırt", "Atabey Çiğ Köfte", "Xırdalan", "Milla", "Chocolatier", "AzerGold", "ASCO", “Şəhərdən Kəndə” aqroturizm layihəsi, "BirBank", "Yango", "Coffee’n Joy", "Bizim Tarla", "Azərçay" və Anadolu Universiteti Azərbaycan Proqramlarının əvəzolunmaz dəstəyi ilə keçirilir.

Xeyriyyə yarmarkası 15 iyun 2023-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.

Dəniz sezonu başlamadan əsl yay əhval-ruhiyyəsini kəşf etməyə hazırsınız?