Xəbərlər 23/12/17

12 nömrəli Xüsusi internat məktəbinin uşaqları üçün şənlik

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin sakinləri dekabrın 23-də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasını ziyarət etdilər. Uşaqlar yarmarkanın keçirildiyi Fəvvarələr meydanına onlar üçün ayrılmış “BakuBus” avtobusları ilə gətirildilər. Bakının ən gözəl yolkasının quraşdırıldığı və əsl Yeni il ab-havasının hökm sürdüyü xeyriyyə yarmarkasında uşaqları sevindirmək üçün əyləncəli şou-proqram hazırlanmışdı. Bayram tədbirində rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Tədbirdə uşaqlar “Xırtaxırt”, “Chayman”, “Corato” və “Chaynataun”un açdığı bayram süfrəsinə qonaq oldular, popkorn və xüsusi üsulla hazırlanmış ləzzətli qarğıdalının dadına baxdılar. Onlara “Bambini” və “Happy Balloons”dan hədiyyələr təqdim edildi.

“Nargis Fund” tədbirin təşkil olunmasında köməklik göstərən bütün xeyirxah insanlara öz minnətdarlığını bildirir!