Xəbərlər 06/03/19

“Qoy o bizimlə qalsın” toplusunun təqdimatı!

Fevralın 28-də Bakı Kitab Mərkəzində xalq yazıçısı Maqsud İbrahimbəyovun azərbaycan, rus və ingilis dillərində yenidən çap olunmuş “Qoy o bizimlə qalsın” toplusunun təqdimatı keçirildi. Kitabların satışından əldə ediləcək bütün gəlir “Nargis” fondunun siyahısındakı körpələrin müalicəsi və əməliyyatına sərf olunacaq. Tədbiri Maqsud İbrahimbəyov Mərkəzinin direktoru, mərhum yazıçının həyat yoldaşı Anna İbrahimbəyov aparıb. Qonaqları salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva gecəni açıq elan etdi. Gecənin davamında isə İbrahimbəyovlar ailəsinin görkəmli elm və sənət xadimləri,dostları və həmkarları əfsanəvi yazarın həyatına dair xatirələrini qonaqlarla paylaşdılar. Onlar arasında- jurnalist Nadejda İsmayılova, xalq yazıçısı Anar Rzayev, Filologiya üzrə elmlər doktoru Fəridə Səfiyeva və İbrahimbəyov şərəfinə yazılmış şeirlərini oxumaqla qonaqları sevindirən SSRİ xalq artisti, pianoçu, Fərhad Bədəlbəyli də var idi. Həmçinin, Mədəniyyət və İncəsənət Universitetin tələbələri professor F. Səfiyevanın rəhbərliyi ilə M. İbrahimbəyovun “Qoy o bizimlə qalsın” əsəri əsasında qurulmuş kiçik səhnəcik göstərdi. Tədbir çərçivəsində rəsm əsərləri nümayiş olunan rəssam Orxan Qarayev da sözügedən layihədə iştirakıyla bağlı sevinc hissi keçirdiyini bildirdi. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, eləcə də pianoçu Vusal Aydəmirov və tarzən Ibrahim Babayevin ifasında lirik kompozisiyalar da səsləndirildi.