Xərçəng 29/01/18

Hüseyn Mirizadə

Yanvarın 28-də onkoloji xəstəlikdən əziyyət çəkən 4 yaşlı Hüseyn Mirizadə “Nargis Fund”ın nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə Türkiyəyə yola düşüb. Hüseyn İstanbulun qabaqcıl klinikalarından birində müayinə ediləcək. Hazırda klinikada konsilium keçirilir, həkimlər ağır vəziyyətdə olan körpənin ağrılarının azaldılması üçün bütün tədbirləri görməyə hazırdırlar. “Nargis Fund” Hüseynin öz sağlamlığına qovuşmasına yardım edən xeyirxah şəxsə, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!

31.01.2018

Öncə məlumatlandırdığımız kimi onkoloji xəstəlikdən əziyyət çəkən 4 yaşlı Hüseyn Mirizadə hazırda valideynləri və “Nargis Fund”ın nümayəndəsi ilə birgə Türkiyədədir. Hüseynin müayinələrinin nəticələri bir çox qabaqcıl klinikalara göndərilsə də onlardan qaneedici cavablar almadıq. Onların sırasında Rusiyanın Kazan şəhərində yerləşən klinikalardan biri də var idi. Lakin Hüseynin valideynlərinin qərarı və “Nargis Fund”ın tövsiyyəsi ilə uşaq Fondun artıq uzun müddətdir uğurlu əməkdaşlıq etdiyi “Kolan” xəstəxanasına yönləndirildi. Hazırda Hüseynin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. O, yanvarın 31-də əməliyyat ediləcək, 60 gün isə həkim nəzarətində olacaq. Yara tam sağaldıqdan sonra Hüseyn kimya terapiyasına başlayacaq. Həkimlərin sözlərinə görə, uşağın sağlamlığı onun şüa terapiyası ilə müalicə edilməsinə imkan vermir. Nəzərinizə çatdırmaq istərdik ki, Hüseyn Mirizadənin səhhəti, əməliyyatı və müalicəsi ilə bağlı doğru məlumatlar yalnız “Nargis Fund”ın səhifəsində dərc olunur. Uşaqla bağlı narahatlıq və həyəcan keçirən bütün şəxsləri anlayır və bildirmək istəyirik ki, Fond Hüseynin sağalması üçün öz köməyini əsirgəməyəcək. Gəlin bu balaca balanın tezliklə ayağa qalxması üçün dua edək və ümidimizi itirməyək!

31.01.2018

Büzdüm nahiyəsinin teratoması diaqnozu qoyulan Hüseyn Mirizadə bu gün İstanbulda əməliyyat edilib. Hüseynin yoğun bağırsağı və sidik kanalı üzərində əməliyyat aparılıb, məqsəd onun bel nahiyəsində iltihabın yaranmasının və infeksiyanın yayılmasının qarşısını almaq olub. Növbəti günlərdə həkimlər yaraların qurudulmasına yönələn müalicə aparacaq, daha sonra isə kimya terapiyasına başlanacaq. Uşağı qarşıda daha bir əməliyyat gözləyir. Balaca Hüseynə şəfa diləyir, tezliklə sağalmasını arzu edirik!

02.02.2018

Bugün İstanbulun “Kolan” klinikasında 4 yaşlı Hüseyn Mirizadənin baş beyin nahiyəsi MRT (Maqnetik Rezonans Tomoqrafiyası) müayinəsindən keçirildi və heç bir problem aşkarlanmadı. Həkimlər bildirirlər ki, xəstəlik yalnız Hüseynin ağ ciyərinə metastaz verib. Lakin aparılacaq müalicələrdən sonra Hüseyn yenidən həkimlərin müayinə ediləcək. Biz balaca balaya şəfa diləyir, sizdən isə mənəvi dəstək gözləyirik!

04.02.2018

Uşağın vəziyyəti stabildir, antibiotik terapiyası davam edir. Sabah Hüseyndən qan analizi götürüləcək, nəticədən asılı olaraq onun kimya terapiyasına başlanılacaq gün təyin ediləcək.

06.02.2018

Uşağın vəziyyəti stabildir, antibiotik terapiyası davam edir. Sabah Hüseyndən qan analizi götürüləcək, nəticədən asılı olaraq onun kimya terapiyasına başlanılacaq gün təyin ediləcək.

09.02.2018

Artıq 3-cü gündür ki, Hüseyn Mirizadə kimya terapiyasına başlayıb. Uşağın vəziyyəti stabil, qidalanması normaldır. Müalicə davam etdirilir, büzdüm nahiyəsində olan yara yerləri infeksiyalardan təmizlənir, artıq sağalmaq üzrədir. Hüseynin səhhəti ilə bağlı məlumat yenilənəcək. Bizə mənəvi dəstək olan bütün insanlara öz minnətdarlığımızı bildiririk!

13.02.2018

Hüseyn Mirizadənin kimya terapiyası davam etdirilir, ağrıları azalıb, vəziyyəti stabildir. Hazırda ona sistem köçürülür. Bizi sevindirən daha bir xəbər odur ki, Hüseynin iştahası artıb. Balacanın istəyi və həkimlərin razılığı ilə ona Azərbaycan mətbəxindən bəzi yeməklər göndəriləcək. Hüseynin səhhəti ilə bağlı məlumat yenilənəcək. Mənəvi dəstəyinizə görə təşəkkür edirik!

01.03.2018

“Nargis Fund”ın və xeyirxah insanların dəstəyi ilə Türkiyədə müalicə alan Hüseyn Mirizadə rentgen və Maqnit rezonans tomoqrafiya (MRT) müayinələrindən keçib. Rentgen müayinəsi zamanı onun ağ ciyərində heç bir problem aşkarlanmayıb, daha əvvəl ciyərlərində və qarın boşluğunda müşahidə olunan şişlər (tümörlər) isə artıq yoxdur. Bu gün Hüseynə port kateter sistemi qoşulub. Səhhəti gündən-günə yaxşılaşır, büzdüm nahiyəsindəki yaranın ölçüsü kiçilib. Bu yaxınlarda onun ikinci kimyəvi terapiyası başlayacaq.

02.04.2018

4 yaşlı Hüseyn Mirizadənin sayca 3-cü kimya terapiyası başlayıb. Onkoloji analizlərin göstəriciləri 13000-dən 3000-dək azalıb, büzdüm nahiyəsində olan yaranın ölçüsü müalicə müddətində xeyli kiçilib (yaranın fotosuna baxmaq üçün paylaşımı vərəqləyin). Həkimlərin sözlərinə görə, 4-cü kimya terapiyasından sonra ondan analiz götürüləcək və uşağın remissiya dövrü keçib-keçməyəcəyi məlum olacaq. Hazırda Hüseynin vəziyyəti stabil olaraq qiymətləndirilir, o, özünü yaxşı hiss edir. Hüseynə şəfa diləyir və tezliklə ayağa qalxmasını arzulayırıq!

09.06.2018

Türkiyənin qabagcıl xəstəxanalardan biri “Nargis Fund”və “Mediline Group Assistance”ilə uzunmüddətli əməkdaşlığı və Hüseyn Mirizadənin burada keçirdiyi bahalı müalicə kursunu (indiyədək onun sağalması üçün 300000 ABŞ dolları məbləğində vəsait sərf olunub) nəzərə alaraq və “Mediline Group Assistance”şirkətinin rəhbərliyinin xəstəxanaynan danışığın nəticəsində,uşağın əməliyyatını sonradan ödəniş etməklə həyata keçirməyi öhdəsinə götürdü. Hazırda Hüseynin vəziyyəti stabildir, yaxın zamanda o Bakıya qayıdaraq kimya terapiyasına başlayacaq. 7 aydan sonra uşağı daha 2 əməliyyat gözləyir. Klinikaya olan 35000 ABŞ dolları məbləğində ödənişi etmək üçün ianə qəbulu elan olunub. Hazırda toplanan vəsait 5000 ABŞ dolları təşkil edir. Gəlin həyatın çətin sınağından keçən Hüseynin taleyinə biganə yanaşmayaq!

Счёт AZ91BRES00381184003263045802 DOLLAR AZ97BRES00380194403263045801 MANAT AZ58BRES0038119703263045803 EURO Bank Respublika Miriyev Valeh 08865164.

18.06.2018

Əziz izləyicilər, sizə şad xəbərimiz var! Hüseyn Mirizadənin əməliyyatı üçün “Kolan” klinikasına ödəniləcək məbləğ artıq toplandı. Bir neçə ay sonra ediləcək növbəti əməliyyatın ödənişini isə “Gilan Holding” öz üzərinə götürdü. Hüseynin taleyinə biganə qalmayan bütün xeyirxah insanlara, xüsusən “Gilan Holding” rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk!

28.10.2018

Təəssüflə bildirmək istərdik ki, uzunmüddətli müalicə müddətində edilən bütün səylərə baxmayaraq, Hüseyn Mirizadənin həyatını xilas etmək mümkün olmadı. Biz onun ailəsinə dərin hüznlə başsağlığı verərək vəziyyətə aydınlıq gətirmək istəyirik. Hüseynin müalicəsi ilə bağlı paylaşımlarda, o cümlədən mesajlarda xoşagəlməz şərhlər almaqdayıq. Nəzərinizə çatdırmaq istərdik ki, bu müalicəyə xeyirxah şəxs tərəfindən 400 000 ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Uşağın valideynlərinə bir çox qurumlar və klinikalar imtina cavabı versə də məhz “Nargis Fund” onun sağalmasını öz öhdəsinə götürərək Hüseyni İstanbulun qabaqcıl klinikalarından birinə müalicəyə göndərdi və uşaq Bakıya müalicəni davam etdirmək üçün qayıdanda vəziyyəti çox yaxşı idi. Sonrakı mərhələdə müalicəni davam etdirmək mümkün olmasa da Hüseyn büzdüm nahiyəsində olan şişin aradan qaldırılması üçün ümumilikdə 8 kimya terapiyası qəbul etmişdir.
Uşağın valideynləri tərəfindən yığılan ianələrə görə fond heç bir məsuliyyət daşımır. Belə ki, bizim tərəfimizdən heç bir ianə qəbulu elan edilməmişdir. Bizim büdcəmiz xeyirxah insanlar və təsisçimiz tərəfindən formalaşır, bank hesabımızda şəffaflıq qorunub saxlanılır.
Sizdən ittihamlardan və təsdiqini tapmamış məlumatlardan uzaq durmağınızı rica edirik! Unutmayın ki, əsassız böhtanlar edən hər kəs buna görə məsuliyyət daşıyır!